+994125681111     info@humel.az
    
Seansa yazıl
 +994124374555     info@humel.az
    
Seansa yazıl

Hissizləşmə

By Aişə Musayeva - 19 Nov 2024 280 0 comments
Hissizləşmə

 Hissizləşmə bir insanın normal olaraq emosional reaksiya verəcəyi vəziyyətlərdə emosiyaları yaşamaqda çətinlik çəkdiyi, məhdud və ya natamam şəkildə emosional ifadələr ifadə etdiyi psixoloji vəziyyətdir. Bu vəziyyətin ortaya çıxmasında travmatik yaşantılar, davamlı stress, depressiya, təşviş pozuntusu, dərman müalicəsi və ya şəxsiyyət pozuntuları kimi faktorlar önəmli rol oynayır. Hissizləşmə adlanan bu vəziyyətə ədəbiyyatda aleksitimiya deyilir. Bu termin məhdud şəkildə emosional təcrübələri qavramaq, müəyyən etmək, fərqləndirmək və ifadə etməkdə çətinliklərlə xarakterizə olunur.

 

Bağlanma nəzəriyyəsi və üslublarına nəzər yetirdikdə görə bilərik ki, bağlanma üslubları emosional hissizləşmənin səbəbləri arasında mühüm yer tutur. Güvənsiz bağlanma üslubları uşaqların emosional ehtiyaclarının yetərsiz və ya ardıcıl olmayan şəkildə ödənilməsi ilə əlaqələndirilir. Bu, uşağın emosional ifadə bacarıqlarını maneə törədən və emosional fərqindəliyini azaldan önəmli faktorlardan biridir. Güvənsiz bağlanma emosional ifadəni öyrənmək prosesinə də mənfi təsir göstərə bilər.

 

Uşaqlar öz emosiyalarını ifadə etmək əvəzinə, onları gizlətməyə meylli ola bilirlər. Güvənli bağlanma emosional fərqindəliyin artmasına səbəb ola bildiyi halda, güvənsiz bağlanma emosional fərqindəliyin olmaması ilə nəticələnə bilir. Aleksitimiya emosional fərqindəliyin olmaması ilə sıx əlaqələndirilir. Buna görə də, bağlanma nəzəriyyəsi aleksitimiyanın meydana gəlməsini başa düşmək və ona müdaxilə etmək üçün mühüm nəzəri çərçivə təmin edir.

 

 Emosional hissizləşmənin əlamətləri hansılardır?

1. Duyğuları tanımaqda çətinlik - bu zaman insanlar duyğularını tanımaqda çətinlik çəkirlər. Özlərinin və başqalarının duyğularını başa düşmək və adlandırmaq onlar üçün çətin olur. Çox vaxt emosional reaksiyalarını fiziki hisslərlə qarışdıra bilərlər. Məsələn, onlar gərginlik və ya ürəkbulanma kimi fiziki narahatlığı emosional reaksiya kimi qəbul edə bilərlər.

 

2. Təsəvvür və Yaradıcılığın azalması – bu problemi yaşayan insanlar adətən məhdud təsəvvürə malikdirlər. Başqalarının emosional təcrübələrini, baxış bucaqlarını təsəvvür etməkdə və ya empatiya qurmaqda çətinlik çəkirlər. Çox vaxt bədii və ya mədəni fəaliyyətlərə maraq göstərməkdən çəkinirlər.

 

3. Xaricə Fokuslanmış Düşüncə - ən çox rast gəlinən əlamətlərdən biri bu insanların daxilində baş verənlərə deyil, xarici hadisələrə daha çox diqqət yetirmələridir. Onlar emosional düşüncə əvəzinə məntiqi və konkret düşüncə tərzinə malikdirlər. Adətən mücərrəd və ya metaforik anlayışları başa düşmək onlar üçün çətin olur. Məsələn, yumor, ironiya və ya sarkazmı anlamaqda çətinlik çəkə bilərlər.

 

4. Empatiya və Münasibətlərdə Çətinliklər – hissizləşmə yaşayan insanlar emosional bağlar qurmaqda və saxlamaqda çətinlik çəkirlər. Onlar üçün empatiya qurmaq olduqca çətin olur və buna görə də digər insanlarla yaxın əlaqələr qurmaqdan çəkinirlər. Bu səbəbdən də, sosial qarşılıqlı əlaqədən daha çox təkliyə üstünlük verə bilər və ya emosiyalar və ehtiyaclar qarşısında soyuq və uzaq görünə bilərlər.

 

5. Emosional və Fiziki Səviyyələrdə Durğunluq - emosional hissizləşmə yaşayan insanlarda zəif emosional reaksiyalar və hisslər ola bilər. Onlar müsbət və ya mənfi stimullara məhdud reaksiya göstərə bilərlər. Sevinc, sevgi, kədər, qəzəb və ya qorxu kimi emosional reaksiyalara qarşı həssas ola bilirlər. Onlarda fiziki hisslərdə də azalma müşahidə oluna bilər, məsələn, ağrı və ya zövqalma hissi bu insanlarda daha az müşahidə olunur.

 

Emosional hissizləşmə yaşayan insanlar tez-tez niyə emosional olaraq heç bir şey hiss etmədiklərini və bunun normal olub-olmadığını düşünürlər. Şok anları, yorğunluq, tükənmişlik kimi vəziyyətlərdə bəzən hissizləşmək normal olsa da, uzun müddət bu vəziyyətdə yaşamaq sosial münasibətlərə ciddi formada mənfi təsir göstərir. Duyğular ümumiyyətlə insan təcrübəsinin əsas hissəsidir, insanların həyatına rəng qatır, onlara müxtəlif münasibətlər qurmağa və mənalı həyat sürməyə köməklik göstərir.

 

Psixoloq Aişə Musayeva

Write a comment

Warning: Comment Text must be between 25 and 1000 characters!
Warning: Comment Name must be between 3 and 25 characters!
Warning: Invalid email id!